top of page
Xuraman Həmidova

QARABAĞ ƏLİLLƏRİNƏ QAYĞI İB-Yİ İLK ŞƏHİDİNİ VERDİ

06.11.20 -- DÜZ 1 AYDIR Kİ. ARAMIZDA YOXSAN, QARDAŞ, YERİN GÖRÜNÜR, QƏLBİMİZDƏ YAŞADIRIQ SƏNİ, ZİRVƏLƏRDƏN BAXIRSAN BİZƏ, MƏQAMIN MÜBARƏK, MÜŞFİQ! ALLAH İGİD BALALARINI QORUSUN, QARDAŞ! AMİN


Dərdim çoxdur, dərd elədim, Yurdum yoxdur, yurd elədim, Dərd içimi yurd elədi Vətən səndən sonra... Əslində onlar, yəni 1-ci Qarabağ müharibəsi döyüşçüləri hər biri bu yola çıxarkən ölümü, şəhidliyi göz önünə alaraq gedirdilər. Vətən sevgisi, torpaq istəyi namus qədər müqəddəs, ana qədər əziz idi bu igidlər üçün. Və bu döyüşçülərin əksəriyyəti qabaqcadan məzar daşına vurmaq üçün şəkil çəkdirirdilər. Şəhid olan döyüşçülərin şəkillərindən istifadə olunsa da, qazi və veteranlar bu şəkilləri albomlarında bir xatirə kimi indiyəcən saxlayırlar. Şəklini yadigar saxlayan igidlərdən biri də el arasında Abdal Müşviq kimi tanınan Abbasov Müşfiq Qabil oğlu idi. Müşfiq 1970-ci il aprelin 16-sında Ağdam rayonunun Abdal Gülablı kəndində sadə kolxozçu ailəsində dünyaya göz açmışdı. Ailədə 3 qardaş, 2 bacı idilər. 1988- ci ildə mənfur qonşularımızın yaratdığı çaxnaşma zamanı Müşfiq orta təhsilini təzə başa vurmuşdu. Gənc yaşlarından əlinə silah götürüb, işğalçılara qarşı vuruşmaq, torpağını müdafiə etmək, elini, obasını, yurdunu qorumaq onun içindən gələn bir hiss idi. Üç qardaşın üçü də düşmənə qarşı döyüşlərdə könüllü iştirak edirdi, onların, xüsusən də Müşfiqin qəhrəmanlıqlarından indiyəcən danışılır. Gənc olmasına baxmayaraq təcrübəli və peşəkar hərbçilərdən heç də geri qalmırdı. Batalyonda kəşfiyyat komandiri olsa da, əsl partizan fəaliyyəti göstərirdi. Vətənpərvərlik hissi onu mahir kəşfiyyatçıya və bacarıqlı partizana çevirmişdi. Düşmənin icinə girmək, məlumat toplamaq, arxasına keçmək, düşməni diri tutmaq Müşfiq haqqında danışılan igidliklərin bir hissəsidir. Müşfiqin döyüş yoluna nəzər salsaq və onları qələmə almaq istəsək bir roman yazmaq olar. Onun düşmənin arxasına keçərək UAZ markalı maşında 5 erməni zabitini güllələyərək öldürməsi əfsanəvi nağıl qəhrəmanlarının etdiklərinə bənzəsə də, bu bir həqiqətdir. Bu barədə hətta o zamankı “Moskovskaya pravda” qəzetində də yazmışdılar. Onun şücaətlərindən danışan döyüş yoldaşlarına qulaq asdıqca bu cür sinəsi vətən eşqi ilə döyünən oğullarımızin varlığı ilə fəxr etməyinə dəyər. 1994-cü il may ayının 12-nə kimi, yəni atəşkəs elan olunana kimi Müşfiq döyüş meydanından çəkilmədi. Təbiətən sakit, mülayim, mehriban olan Müşfiq öz qətiyyəti və məsuliyyəti ilə də fərqlənirdi. Tapşırılan hər bir işin öhdəsindən layiqincə gəlirdi, sözünün yerini bilən və ağası idi. Elindən, obasından qaçqın düşsə də, bir an belə doğma Ağdamı, Abdal Gülablını unutmadı. 1-ci Qarabağ müharibəsindən qazi kimi qayıtsa da, 2016-cı il aprel döyüşlərində də iştirak etdi. Bu döyüşlərdən də alnıaçiq və salamat qayıtdı. Bakının Fatmayı kəndində ailəsi ilə birlikdə məskunlaşan Müşfiq və iki oğlu 14 iyul təxribatından sonra könüllü kimi qeydiyyatdan keçdilər. Hər an döyüş əmri gözləyən ata və oğulları, nəhayət sentyabrın 27-si öz çoxdankı arzularına çatdılar. Müşfiq və bir oğlu Ağdamda, digər oğlu isə başqa bir istiqamətdə düşmənə qarşı vuruşurdular. Müşfiq yenə öz cəsarəti, mərdliyi ilə gənclərə örnək idi. Oktyabrın 5-də urəyinə nəsə damıbmış kimi şəkil çəkdirir və deyir ki, birdən lazım olar. Və gecə o müdhiş hadisə baş verir... Oktyabrın 6-na keçən gecə düşmənin diversiya qrupunun basqının qarşısını alan zaman Müşfiq düşmən gülləsinə tuş gəlir. Ən təsirləndirici məqam isə oğlunun onun arxasında olması, ciyərparasını sinəsilə qoruması və onun gözləri qarşısında şəhid olmasıdır. Üç dəfə torpaq, vətən uğrunda canını əsirgəməyən pəhləvan cüssəli igidimiz oktyabrın 6-na keçən gecə şəhidliyin ən uca zirvəsinə yüksəldi. Müşfiqin son məkanı Ağdamda Quzanlı qəbristanlığı oldu. Onu yola salmaq üçün döyüşçü dostları, həmçinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri olduğu Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri, idarə heyəti və üzvləri də gəlmişdilər. Son mənzilə yola salma mərasimində Qarabağ Əlillərinə Qayğı İB-nin sədri, həm də şəhidimizin yaxın dostu Firidun Məmmədov da çıxış etdi. Şəhidimizin anasınin sözləri isə hamını təsirləndirdi. O dedi ki, arzusunda olduğu torpaqları düşməndən alınanda, Abdal Gülablı azad olanda mənim oğlumun ruhu sakit olacaq və elə bilərəm ki, oğlum sağdır. Daha sonra Ağdam rayon İcra Başçısı Vaqif Həsənov çıxış etdi və şəhidin büküldüyü bayrağı anaya təqdim edərkən, onun əlindən öpdü və dedi ki, biz hamımız sənin öğlunuq, sən tək deyilsən, ana. Bəli, şəhidlər tək bir ailənin deyil, bütün vətənin oğullarıdır və biz onları dünyaya gətirən anaların qarşılarında baş əyib, əllərindən öpürük. Bu gün bir igid də torpağa qovuşdu, belə cəngavər ruhlu oğullar torpağa qarışdıqca torpaq daha da müqəddəs olur, dəyərlənir və uğrunda hər zaman can verməyə layiq olur. Allah rəhmət eləsin. Qanı yerdə qalmasın. Amin. P.S. Bu yazıda istifadə etdiyim şeir parçasını şəhidimizin fasebook səhifəsindən götürmüşəm. Ruhu şad olsun.

Xuraman Etibarlı



5 views0 comments

Recent Posts

See All

Comments


bottom of page