Qarabağ Əlillərinə Qayğı İB-nin
BƏYANATI
Dünən ABŞ Prezidenti Cozef Bayden baş verməyən “erməni soyqırımı”nı tanıdığını bəyan edib. ABŞ kimi böyük gücə, nüfuza sahib olan bir ölkənin başçısının dilindən yalançı, uydurma, heç bir əsası və tarixi faktı olmayan bir iddianın səsləndirilməsi məyusedici və hiddətləndiricidir.
Bu hadisələr yalnız tarixi və arxiv araşdırmalarının predmeti olmalıdır. Tarixi faktlarla sübut olunub ki, həmin dövrdə Anadoluda heç bir soyqırım aktı baş verməmişdir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə “ermənilərə qarşı soyqırımı" tanınması barədə qərar qəbul etməyib.
Bayden 1-ci dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda ermənilərin törətdiyi soyqırım zamanı yüzminlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini niyə pisləmədi? Ermənilər 1992-ci ildə Xocalıda dinc, mülki azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklərlə SOYQIRIM törətmişlər. Bəs bunu niyə görməzdən gəlir Amerika və hegemon dövlətlər?
Hesab edirik ki, ABŞ prezidentinin bu çıxışı qərəzli və xaincəsinədir. Seckiqabağı ermənilərə RÜŞVƏT əvəzi vədini yerinə yetirən Bayden, əgər qərəzsiz, tərəfsiz və həqiqətən demokrat prezidentdirsə, Xocalı soyqırımını da tanımalıdır.
Azərbaycanın bütün döyüşçüləri və qaziləri adından qardaş Türkiyəyə qarşı bu çirkin kampaniyanı və düşmənçiliyi qətiyyətlə pisləyirik, hər zaman türk dövlətinin, xalqının yanındayıq, həmrəyik, lazım gəlsə uğrunda canımızı da fəda etməyə hazırıq. Bu cür kampaniyalar, təxribatlar TÜRKün gücünü, yenilməzliyini sarsıda bilməz!
Comments