Son günlər Şəki şəhərinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzində atlara yem verilmədiyi, bu səbəblə onların nəslinin kəsilmə təhlükəsi ilə üz-üzə olduğu barədə fikirlər səsləndirilir. Sosial şəbəkələrdə yayılan görüntülər vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir. Şəki sakinlərinin bəziləri qurumun Mədəniyyət Nazirliyinin nəzdində olduğu halda, nazirlikdə kadr dəyişikliyi baş verdikdən sonra bu sahəyə vəsait ayrılmadığı üçün yem təchizatında problemin yaşandığını bildirir.
Lakin Mədəniyyət Nazirliyi mətbuata açıqlama verərək mərkəzin təsərrüfat hesablı olduğunu, bu səbəblə 2021-ci il büdcəsindən maliyyə vəsaitinin ayrılmasının nəzərdə tutulmadığını vurğulayıb. Məsələ ilə bağlı səsləndirilən iddialardan biri də odur ki, Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzinin rəhbərliyi atları ac saxlayaraq Mədəniyyət Nazirliyini onlara pul ayırmağa məcbur etmək istəyir. Yəni bir növ şantaj üsuluna əl atırlar.
Mövzu barədə Yenisabah.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bu kimi məsələlərin vaxtında nəzərə alınmalı olduğunu vurğulayıb:
“Atçılıq təsərrüfatını Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaratmaq lazım idi, çünki orada mütəxəssislər var. Belə olsaydı, şübhə olacağı təqdirdə, mütəxəssislər gedib hadisə yerində vəziyyəti yoxlaya bilərdi. Heyvanlarla bağlı məsələ ilə yalnız KTN məşğul olmalıdır. Mədəniyyət Nazirliyinin nə o sahəni bilən mütəxəssisi, nə problemi həll edəcək imkanı var. Büdcəsi də hər halda məhduddur. Mədəniyyət Nazirliyi öz işi ilə məşğul olsun. Əgər nə vaxtsa hər hansısa bir tədbirlə bağlı atlara ehtiyac olarsa, onlar Kənd Təsərrüfatı Nazirliyindən sifariş edib bir müddətlik atları gətirdib istifadə edə bilərlər. Amma atların yemlənməsi, müalicəsi KTN-in səlahiyyətində olmalıdır. Onların gətirilməsinə külli miqdarda vəsait xərclənib. İndi də o atlar taleyin ümidinə buraxılıb. Belə qətiyyən olmaz”.
Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzinin nazirlikdən pul qoparmaq üçün atları yemsiz saxladığı ilə bağlı iddiaya gəldikdə isə ekspert qeyd edib ki, gərək, bu iddia əsaslandırılsın:
“Əsaslandırmaq üçün isə nazirliyin mütəxəssisləri olmalıdır, onlar ezamiyə edilməli və vəziyyəti yerində öyrənməlidirlər. Ölkədə elə bir vəziyyət yaranıb ki, heyvandarlıqda, heyvanların yemlə təminatında, o cümlədən müalicəsində ciddi problem var. Nə olsun ki o qurum təsərrüfat hesablıdır, oradakı real vəziyyət öyrənilməlidir. Məsələn, yağış yağmır, ot bitmir, onda deməli, təsərrüfat edən günahkardır? Xeyr. Onlara əvvəlcədən kömək etmək lazım idi ki, su çatışmazlığı ilə üzləşməsinlər. Yəni bu kimi hallar əvvəlcədən nəzərə alınmalıdır.
Biz gördük ki, Mədəniyyət Nazirliyində nazir vəzifədən uzaqlaşdırılanda sonra orada həbslər oldu. Bunlar rüşvətxorluqla məşğuldurlar. Əgər onlara atçılıq mərkəzindən deyilsəydi ki, “Biz sizə “otkat” verəcəyik, bizə maliyyə vəsaiti lazımdır”. Onlar böyük məmnuniyyətlə verəcəkdilər”.
Həmsöhbətimiz heç kimin atların taleyini düşünmədiyini, şəxsi maraqların üstün tutulduğunu diqqətə çatdırıb:
“Heç kimi o təsərrüfat da düşündürmür. Hamısı çalışır ki, özü üçün nəsə əldə etsin. “Pul qoparmaq üçün belə addım atırlar” iddiasını ortaya qoyanların özlərinə baxmaq lazımdır”.
Commenti