Vəkillər tərəfindən şəhid ailələri və qazilərə ödənişsiz hüquqi yardım göstəriləcək, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçiriləcək. Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin videokonfrans formatında keçirilən iclasında qərar qəbul edilib.
Qərara əsasən şəhid ailələri və yaralanmış qazilər ödənişsiz hüquqi yardımla bağlı Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Onların vəkil qurumlarına getməsinə ehtiyac olmayacaq, vəkillər özləri həmin şəxslərin evlərinə gedərək, yerində hüquqi yardımın göstərilməsi ilə əlaqədar lazımi işlər görəcəklər.
Cəmiyyət tərəfindən xoş qarşılanan bu qərar həm də bir çox suallar doğurmuşdur. Suallara cavab tapmaq üçün Vəkillər Kollegiyası ilə əlaqə yaratdıq.
DİQQƏT.info-nun suallarını Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri, eyni zamanda İntizam Komissiyasının sədri Şahmar Məmmədov cavablandırdı.
Sual: Göstəriləcək pulsuz hüquqi yardım ancaq 2-ci Qarabağ müharibəsində şəhid və qazi olmuş şəxslərə və onların ailələrinə şamil edilir?
Cavab: Xeyr, hər 2 müharibənin iştirakçıları olmuş şəhid və qazilərə, onların ailələrinə şamil olunacaq.
Sual: Bəs bu xidmətlərdən veteranlar yararlana biləcəklərmi?
Cavab: Bəli, yararlana biləcəklər, onlara da hər bir hüquqi yardım göstərməyə hazırıq.
Sual: Hüquqi yardım göstəriləcək, bəs məhkəmə prosedurlarında ödənişsiz təmsilçilik veteranlara da aiddir?
Cavab: Xeyr, ödənişsiz vəkil təmsilçiliyindən ancaq şəhid ailələri və qazilər yararlana biləcəklər.
P.S. DİQQƏT.info olaraq Vəkillər Kollegiyasının hər bir üzvünə bu xeyirhax missiyaya görə təşəkkür edirik. İnanırıq ki. 3-rəngli bayrağımızı azad olunmuş torpaqlara sancan və hal-hazırda da xidmətlərini davam etdirən, gələcəkdə veteran adı alacaq hərbçilərimizin də ehtiyac olacağı təqdirdə bu xidmətlərdən yararlanması mümkün olacaq. Bunun üçün gələcəkdə qərara yenidən baxılmasını məqsədəuyğun hesab edirik.
Kommentare