top of page
Xuraman Həmidova

Yaralı əsgərlərin xeyirhax DOSTU-FOTO


1-ci Qarabağ müharibəsi zamanı İntiqam çox gənc idi, bununla belə hamı kimi silaha sarılıb mənfur düşmənə qarşı igidliklə vuruşdu. Atəşkəs elan olunsa da, içində həmişə qisas hissi və torpaqları azad etmək istəyilə alışıb yandı. İllər keçdikcə torpaqların geri qayıtmasına ümidi azalan veteran səfərbərlik xəbərini eşidən kimi könüllü kimi qeydiyyatdan keçdi.

2 oğul atası olan 46 yaşlı İntiqam yenidən cəbhəyə hazırlaşsa da, ehtiyac olmadığı üçün onu aparmadılar. Lakin o, ruhdan düşmədi. Veteran Göygöl rayonunda bərbər kimi tanınır, ailəsini bu sənətdən qazandığı gündəlik zəhməthaqqı ilə dolandırır. Qarabağ əlillərinə, veteranlarına və şəhid ailələrinə pulsuz xidmət göstərir.

Göygöl rayonu döyüş bölgəsinə yaxın olduğundan döyüşdə yaralanan əsgərlərin əksəriyyətini rayonun mərkəzi xəstəxanasına gətirirdilər. Xəstəxanada yaralılara hər cür yardım göstərilsə də onlara kömək etməyə könüllülər də qoşulmuşdu. Bu könüllülərdən biri də 1-ci Qarabağ müharibəsi veteranı Həşimov İntiqam oldu.

İntiqam üzvü olduğu Qarabağ Əlilərinə Qayğı İctimai Birliyinin Göygöl filialının sədri Araz Abbasovun yaralılara bərbər xidməti göstərmək təklifini dərhal qəbul edərək, xəstəxanaya yollanır. Gənc yaşlarında əlinə avtomat alıb döyüşə gedən İntiqamın bu dəfəki “döyüş silahları” saçqırxan maşın, qayçı və ülgüc olur. Sevdiyi peşəsinin həqiqi ustası olan İntiqam burada da işini sevərək görür.

Müharibənin ilk günlərindən yaralılara təmənnasız xidmət göstərən bərbər xəstəxana kollektivinin və əsgərlərimizin sevimlisinə çevrilib. Gündəlik 15-20 əsgərin üzünü, başını qırxan keçmiş döyüşçü gördüyü işlə azacıq da olsa Vətən müharibəsindəki qələbəmizdə əməyinin olması ilə fəxr edir.

Onun gözündə kiçik görünən bu xeyirhax əməl əslində böyük fədakarlıq tələb edir. Ailəsini dolandırmaq üçün gündəlik çörəkpuluna işləyən bərbər bu zəhməthaqqından imtina edib, vətən yolunda yaralanan hərbçilərimizin qulluğunda durur. Müharibə qələbəmizlə başa çatsa da, hələ tibb müəssəsində yaralı əsgərlərimiz var və onların ehtiyacı olduğu üz təraşını və sac qırxımını İntiqam öz üzərinə götürüb.

Bu gözəl işinə və çəkdiyi zəhmətinə görə biz də İntiqama təşəkkür edirik. Ön cəbhədə vuruşa bilməyən veteranın axır ki, arzusu yerinə yetdi. Torpaqlar azad oldu və biz qələbə çaldıq. Arxa cəbhədə hərənin biraz əməyi olan qələbəmizə görə ön cəbhənin qəhrəmanlarına borcluyuq və onlara xidmət göstərmək də şərəfdir.

Eşq olsun Azərbaycan ordusuna! Eşq olsun fədakar insanlara! Qarabağ Azərbaycandır!



91 views0 comments

Recent Posts

See All

Comentarios


bottom of page