Müharibənin dəhşətlərini onu görənlər və yaşayanlar bilər... 18 yaşı təzəcə tamamlanmış Akif Vətənə borcunu yerinə yetirməyə gedəndə bunları təsəvvür belə etmirdi. Fikirləşdiyi ancaq torpaqlarımızın azadlığı və şəhid dayısının qisasını almaq idi. 3 ayın əsgəri müharibə başlayan kimi könüllü döyüşlərə qatıldı. Sentyabrın 27-si 5-6 saat vuruşduqdan sonra yanlarına düşən top mərmisindən bir neçə nəfər şəhid olur, Akif isə ağır yaralanır.
Ayağından, qolundan və üzündən çoxsaylı qəlpə yaraları alan Akif həm də kantuziya və ağır kəllə-beyin travması da alır. Əvvəl Gəncə xəstəxanasına, daha sonra Bakıdakı Mərkəzi Hərbi hospitala gətirilən Akifdə tezliklə aldığı travmalar özünü büruzə verir.
Normal danışıq qabiliyyəti olan gənc getdikcə nitqini də itirir. Ancaq qəlpə yaralarından müalicə alan əsgərdə baş-beyin zədələrinin fəsadları artmağa başlayır. Aqressivlik, əsəb gərginliyi, qıcolmalar, özünüidarə edə bilməməklər üzə çıxır.
Bu yaxınlarda intihar etmiş hərbçimizlə bir palatada müalicə alan əsgərin nə hisslər yaşadığını ancaq Allah və bir də psixoloqlar, psixiatrlar bilə bilər... Lakin... Lakin gənc qazinin şəfa tapması üçün göndərildiyi Psixiatriya şöbəsində nəinki müalicə və diqqət, heç adi psixoloji dəstək belə göstərilmir. Şəfa ocağı kimi fəaliyyət göstərən xəstəxananın adı çəkiləndə belə həyəcanlanan, gərginləşən, "məni ora göndərməyin" deyən yaralı görəsən orada nələrlə rastlaşıb? Ölülər danışmır, amma dirilərdən şox şey öyrənmək olar... Göstərilən "müalicə"nin nəticəsində normal həyata qayıtmaq istəyən gənc bu əzablardan qurtarmağın yolunu intiharda görür. Yaxşı ki, bunun qarşısı vaxtında alınır.
Evin tək oğlu və ümid yeri olan Akif həm də ailənin işləyən yeganə üzvü idi. İndi isə olduqca imkansız bu ailənin övladı özü möhtac və köməksiz vəziyyətdədir. Onu müalicə etdirməyə ailənin imkanı yox, yerli icra orqanlarının, icra və bələdiyyə nümayəndəliyinin, xəstəxana və tibb müəssisələrinin də VİCDANI!
Bircə dəfə "qaloçka" xətrinə baş çəkmək kifayət deyil! Hər həftə, hər gün nəzarətdə saxlamaq, yardım etmək, müalicə etdirmək hər bir dövlət məmurunun borcudur. Sabirabad rayonunun Ulacalı kənd sakini Zeynalzadə Akif Səbahət oğlu döyüşlərə qatılanda sizlər yəqin öz övladlarınızı ordudan necə yayındırmaqla məşğul idiniz. Ağır ittiham oldu yəqin ki... Olsun, bir gəncin taleyinə biganəliyin buzunu qırmaq üçün bunu edəcəm.
Mənim nəzərimdə körpə uşaq kimi görünən Akif əslində çox igid və qorxmazdır. Onu düşdüyü bu vəziyyətdən çıxarmaq üçün hər kəs kömək etməlidir. Ölkədə neçə-neçə belə Akiflər varsa hamısı tezliklə diqqət, qayğı ilə əhatə və müalicə olunmalıdır. Yoxsa sonra gec olar, yoxsa sonra peşman olarıq, yoxsa sonra Qələbəmizin sevincini yox, peşmançılığını yaşayarıq...
DİQQƏT.info qazimizin qonağı olub, onun haqqında geniş materialı yaxınlarda təqdim edəcəyik.
XURAMAN ETİBARLI
Comments