Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov böyüyüb boya-başa çatdığ Xaçmaz rayonunun Qusarçay kəndinə məzuniyyətə gəlib.
Azvision.az-ın əməkdaşı Vüsalla söhbətləşərək döyüşlərlə bağlı onun təəssüratlarını öyrənib.
-Vüsal bəy, necəsiniz? Məzuniyyətiniz necə keçir?
- Yaxşıyam. Başım bir az qarışıqdır. Qohumlar, yaxınlar gəlib mənimlə görüşürlər. 10 günlük məzuniyyətə çıxmışam. Ayın 20-dək buradayam.
- Vətən Müharibəsi tarixinə “Topçu Vüsal” adı ilə düşdünüz. Belə məşhur olacağınızı gözləyirdinizmi?
- Çəkilişdən iki gün sonra zəng edib komandirimlə danışdılar. Sonra videonun ictimaiyyət arasında geniş yayıldığını bildirdilər.
- Kənd əhalisi yəqin ki, sizinlə fəxrlə salamlaşır. Bunu hiss edirsinizmi?
- Hamı gəlib mənimlə şəkil çəkdirir. Ən çox da uşaqlar mənə yaxınlaşır.
- Sizdən nə soruşurlar, nə deyirlər?
- Müharibə haqqında soruşurlar, necə oldu, nətər oldu deyə suallar verirlər. Döyüşlərdə iştirakım insanları maraqlandırır.
- Siz onların qəhrəmansınız.
- Bəli.
- Qanlı-qadalı günlərdən sonra mülki həyata uyğunlaşa bilirsinizmi?
- 22 ay idi ki, mən məzuniyyətə gəlmirdim, xidmət göstərirdim. Hələki mülki həyata öyrəşə bilmirəm. Fikrim orduda qalıb.
- Hansı istiqamətlərdə döyüşdə olmusunuz?
- Füzuli, Cəbrayıl, Qubadlı ərazilərində döyüşlərdə iştirak etdim. İndi isə Şuşada xidmət göstərirəm. Hər əsgərə bu qismət olmur. Döyüş yolumla bağlı fəxarət hiss edirəm.
- İlk dəfə idi ki, müharibədə iştirak edirdiniz. Həyəcan var idimi?
- Müharibə başlamamışdan qabaq bizi məlumatlandırmışdılar. Müharibə başlayanda təbii ki, həyacan var idi. Sonradan öyrəşdik. Hər kəs öz işi ilə məşğul oldu.
- Ömrünüzün sonuna kimi unuda bilmədiyiniz hansı döyüş səhnəsi var?
- Səfərbərliklə çağırılan əsgər yoldaşım yaralanmışdı. Onu itirmək təhlükəsi ilə üzləşmişdik. Bu mənim üçün çox ağır məqam idi.
- Döyüşlərdə düşmənə zərbələr vurduğunuz top sizə həm də uğur qazandırdı.
- Bəli, həmin top hələ də yerindədir. Vaxt olanda onun şəkil çəkdirirəm./femida.az
Comments