Rusiya sülhməramlılarının Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri getdikcə artır. Qondarma rejimin bayrağına olan “rus sevgisi” sülhməramlılardan da yan keçməyib. Xəritə qalmaqalından sonra rusların “bayraq” jesti Azərbaycana qarşı ikinci ciddi səhvdir. Xatırladaq ki, birgə keçirilən brifinqdə separatçı rejimin bayrağı da dalğalanıb.
Bununla bağlı fikirlərini Konkret.az-la bölüşən Müsavat başqanı Arif Hacılı bildirib ki, Rusiya sülhməramlılarının əsl məqsədi sülh yaratmaq deyil, münaqişəni davam etdirməkdir: “Diqqətçəkən məqamlardan biri sülhməramlıların Azərbaycana qarşı hörmətsiz münasibətidir.Belə ki, Dağlıq Qarabağdakı rus komandanlığı Azərbaycanı ələ salan mövqe sərgiləyir. Belə olmasaydı, Azərbaycan Baş Prokurorluğu tərəfindən axtarışa verilən Arayik Arutyunyanın Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovla dostluq münasibətlərini nümayişkaranə şəkildə təbliğ etməzdilər.
Arayiklə Rüstəmin çox yaxın münasibətləri barəsində videoların yayılması, eyni zamanda qondarma rejimin bayrağının hər yerdə dalğalandırılması Rusiya tərəfindən Azərbaycana qarşı hörmətsizlik, saymazlıq və təhqirdir. Bütün bunlara görə Azərbaycan dövləti öz sərt mövqeyini ortaya qoymalıdır. Çünki Rusiya sülhməramlılarının bu fəaliyyəti Azərbaycanın gələcəyi üçün çox ciddi təhlükəli perspektivlərdən xəbər verir.
Artıq Azərbaycanın vətənsevər və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi ideyalarına sadiq olan siyasi təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının bu hərəkətlərinə çox ciddi reaksiya verir”.
Comentários