Rusiya rəsmilərinin öz açıqlamalarında keçmiş Dağlıq Qarabağdan sanki Azərbaycandan ayrı bir ərazi kimi bəhs etməsi qəbuledilməzdir. İşğaldan azad edilən bütün torpaqlar, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Azərbaycanın ayrılmaz bir parçasıdır. "DİQQƏT" xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu gün Rusiya Federasiyasının sülhməramlı qüvvələri əldə edilən bəyanatın müvafiq bəndi və Azərbaycan Respublikasının razılığı ilə məhz Azərbaycan ərazisində yerləşib: “Yəni bu prosesin icrası birbaşa Azərbaycan Respublikasının iradəsi ilə baş verir. Digər tərəfdən, Türkiyə Azərbaycana sülhməramlı missiya çərçivəsində hərbçilərini göndərəcək. Hərbi mövcudiyyəti artırmaq Türkiyənin son illərdə xarici siyasətinin əsasını təşkil edir. Türk Silahlı Qüvvələrinin 6 fərqli ölkədəki hərbi missiyada iştirak edir. Bunlardan bir çoxu beynəlxalq səviyyəli sülhməramlı və hərbi müşahidəçilik missiyalarıdır. Hesablamalara görə, xarici ölkələrdə xidmət edən türk əsgərinin ümumi sayı 50 mindən artıqdır. Əgər Türkiyə Azərbaycana hərbi missiya göndərsə, Azərbaycan Türkiyənin rəsmi şəkildə hərbi mövcudiyyəti olan 15-ci ölkə olacaq”. Politoloq deyib ki, türk hərbçilərinin harada yerləşəcəyi Azərbaycanın qərarı ilə olacaq: “Yəni bu, Şuşada, Gəncədə, hətta Xankəndidə də ola bilər. Rəsmi Moskva öz sülhməramlılarının “Dağlıq Qarabağ”da olduğunu deyərək ciddi siyasi səhv buraxır. “Dağlıq Qarabağ” adlı hər hansı muxtar qurum-filan yoxdur, ermənilərə hər hansı status verilməyəcəyi də Bəyanatda göstərilib. Bu halda “Dağlıq Qarabağ” istilahı və rus rəsmilərinin bu istilahdan cidd-cəhdlə istifadəsi narahatlıq yaratmaya bilməz. Hesab edirəm ki, qalib Azərbaycandır, humanizm göstərən də Azərbaycandır, ərazi də bütün beynəlxalq qurumlar tərəfindən Azərbaycan ərazisi kimi hər zaman tanınıb. Bu halda bütün qurumlar, rəsmilər işlətdikləri ifadədə diqqətli olmalıdır”.
Xuraman Həmidova
Comments