Son günlər TƏBİB və Səhiyyə Nazirliyi ilə bağlı şikayətlərin sayı artmaqdadır. Belə ki, koronavirus xəstələri təcili tibbi yardımın çağırışa vaxtında gəlmədiyini və lazımi dərmanları apteklərdə tapa bilmədiklərini söyləyirlər. Hətta xəstəxanalara tanışlıqla yerləşdirilmə ilə bağlı iddialar da cəmiyyətdə geniş müzakirə olunur. Bəzən isə götürülən testlərdə çox ciddi səhvlərə yol verildiyi vurğulanır.
DİQQƏT.info xəbər verir ki, bu problemlərlə bağlı Konkret.az-a fikirlərini bölüşən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, “Əslində koronavirus pandemiyası TƏBİB üçün sınaq olmalıydı ki, bu sistem necə işləyir və yaxud da ora təyin olunan gənc kadrlar öz vəzifələrinin öhdəsindən gələ biləcəklərmi? Hesab edirəm ki, bu, TƏBİB üçün çox gözəl fürsət idi. Və sirr deyil ki, bu, ümumilli problem olduğu üçün istənilən məsələdə dövlət TƏBİB-i və Səhiyyə Nazirliyini tək qoymurdu. Burada söhbət maddi və inzibati resurslardan gedir. Azərbaycanda bu istiqamətdə şikayətlər olmamalı idi. Dövlət pandemiya ilə mübarizəyə 3 milyard manata yaxın vəsait ayırdı. Modul tipli xəstəxanalar tikildi. Dövlət tərəfindən müxtəlif istiqamətlərdə dəstəklər verildi. Amma bu gün hər kəs birmənalı olaraq TƏBİB-dən və Səhiyyə Nazirliyindən narazıdır. Çünki insanlar bu qurumların fəaliyyətini öz yaşamlarında hiss etmirlər. İnsanlar xəstələnir, təcili tibbi yardıma müraciət edirlər, amma onlar vaxtında gəlmir. Yaxud da bu virus əleyhinə dərmanların tapılmaması, xəstəxanalarda yerləşdirilmə, xəstələrə münasibət, testlərin aparılması və onların qiyməti. Bütün bunların hər biri TƏBİB-ə və Səhiyyə Nazirliyinə qarşı etimadı və inamı sıfıra endirdi. Bir sözlə, TƏBİB özünü doğrultmadı”.
Tural Abbaslı vurğulayıb ki, TƏBİB-in rəhbəri Ramin Bayramlı vəzifəsindən uzaqlaşdırılmalıdır: “Çünki Ramin Bayramlı bu işin öhdəsindən gələ bilmədi. Bilirsiniz ki, sonradan məlum oldu ki, test aparılan xəstəxanalarda bunun şərikliyi var. Belə bir ağır günlərdə o, öz kommersiya haqqını unutmur. Ona görə də belə adam vəzifəsindən uzaqlaşdırılmalıdır. TƏBİB-in mexanizminin işlək olub-olmaması yenidən dəyərləndirilməlidir. Oqtay Şirəliyev müzakirə mövzusu belə deyil. O, ümumiyyətlə, vəzifədən getməli və bu işin başına yeni kadrlar təyin olunmalıdır. Səhiyyənin problemlərinə bələd olan və xalqın dərdini bilən yeni insanlar təyin olunmalıdır. Əgər lazım olarsa, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yenidən strukturlaşdırılması, yaxud da yeni sistemin yaradılması ilə bağlı fikirləşmək olar. Mən keçən dəfə Xətai rayonundakı poliklinikada yaranan problemlə bağlı TƏBİB-ə zəng etdim. Orada bildirdilər ki, biz o rayona baxmırıq. Səhiyyə Nazirliyi isə TƏBİB-in baxdığını qeyd edir. Belə anlaşılmazlıqlar çox olur. Ona görə də düşünürəm ki, Oqtay Şirəliyev və Ramin Bayramlı istefaya göndərilməlidir. Bu struktur və mexanizm yenidən dəyərləndirilməlidir”.
Kommentare