top of page
Xuraman Həmidova

Qazi atanın Şəhid oğlu - 1 medal və 1 ordenlə təltif olunmuş qəhrəman - FOTO




1-ci Qarabağ müharibəsinin könüllüləri arasında İbrahimov qardaşları da vuruşurdu. Ağdamın İmamqulubəyli kəndindən olan İsrafil kişinin 7 oğlundan 5-i torpağı uğrunda mücadilədə qəhrəmanlıqla döyüşüb. 3-ü qazi, 2-si veteran olan qardaşlar indi də döyüşlərdə iştirak etməyə hazırdırlar.

Qazi qardaşlardan biri Zülfüqar İbrahimovun oğlu İsrafil hazırkı Vətən müharibəsinin ilk günündən döyüşlərdə cəsurluğu ilə fərqlənirdi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən İsrafil 4 rayonun işğaldan azad edilməsində dillərdə dastan olacaq igidliklər göstərmişdi.

Babasının adını daşıyan İsrafil bu ay 23 yaşını elə döyüşlərdə tamamladı. Qələbəyə çox inanırdı və bu döyüşlərdə iştirakı ilə fəxr edirdi. Qarabağ qazisi olan atası Zülfüqarın, əmiləri Mahir və İlqarın, eləcə də bütün şəhid və qazilərin qisasını düşməndən alacağına and içən İsrafil hər döyüşə atılanda birdəfəyə dəstə-dəstə erməni əsgər və zabitlərini məhv edirdi. Bunu həm döyüş yoldaşları, həm də gələcəkdə yayımlayacağımız videogörüntülər də təsdiq edir.

İsrafil döyüşlərin 1ayının tamamlanmağına 1 gün qalmış Laçın uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu. O bu gün Ağdamın Quzanlıdakı Şəhidlər xiyabanında dəfn edildi. Gələcək materiallarımızda İsrafilin qəhrəmanlıqlarından bəhs edəcəyik. Allah rəhmət etsin.

Hər bir şəhid haqqında danışmaq və yazmaq nə qədər ağır olsa da, İsrafil haqqında bunları mütləq qeyd etmək lazımdır. İsrafilin əmisi Qarabağ əlili Mahir İbrahimov Qarabağ Əlillərinə Qayğı İB-nin idarə heyətinin üzvü olmaqla, sədr müavini vəzifəsini də icra edir. İsrafil həm də xanəndə, Xaiq artisti Mənsum İbrahimovun da qardaşı oğludur. Bütün İbrahimovlara səbr diləyib, Vətən sağ olsun deyirik.

Hər bir igid qanı torpağa töküldükcə, 30 ildir boynu bükülmüş torpaq dirçəlir, başını qaldırır, qürurlanır və bərəkəti artır. İsrafil və onun kimi cəngavərlərin qəhrəmanlıqları illər, əsrlər ötsə də unudulmayacaq, dillərdə dastan olub, tariximizin şanlı səhifəsinə yazılacaq. Zəfər sizindir, Azərbaycan əsgəri!

Başını dik tut, Şəhid atası Qazi qardaşımız!




P.S. Bu yazını 27 oktyabrda, İsrafilin torpağa tapşırıldığı gün yazmışdım. Bilirəm ki, valideynlərinin, əzizlərinin yarası sağalmayıb və sağalan da deyil. Lakin onlar İsrafillə fəxr etməlidirlər, onun etdiyi qəhrəmanlıqlar dillərdə dolaşdıqca İsrafil də yaşayacaq, ruhu şad olacaq, ucaldığı zirvədən baxıb sevinəcəkdir. İsrafil sizin başınızı uca etdi, siz də hər zaman başınızı dik tutun, əziz qazi qardaşlarımız Zülfüqar, Mahir və İsrafilin bütün yaxınları, əzizləri!

Ali Baş Komandan İsrafil İbrahimiovun döyüşdə göstərdiyi igidlikləri dəyərləndirərək, onu ölümündən sonra "VƏTƏN UĞRUNDA MEDALI" və 3-cü dərəcəli "VƏTƏNƏ XİDMƏTLƏRƏ GÖRƏ ORDENİ" ilə təltif etdi.

İsrafil layiq olduğu məqama yüksəldi, bu gün dövlətimiz, Ali Baş Komandan da onu göstərdiyi şücaətlərə görə 2 təltifə layiq gördü.

Vətənimizin başını uca edən hər bir qəhrəmanla fəxr edirik.

Ruhunuz şad olsun, Şəhidlər! Vətən sağ olsun!


Xuraman Etibarlı


444 views0 comments

Recent Posts

See All

תגובות


bottom of page