top of page
Xuraman Həmidova

Qarabağın 30 illik “Qarabağ şikəstəsi” həsrəti


Əzizbəy xəyalına belə gətirməzdi ki, Qarabağ torpağının 30 illik “Qarabağ şikəstəsi” həsrətinə o son qoyacaq. 2 gündür sosial şəbəkələrin, Youtube kanallarının fenomeninə çevrilmiş Azərbaycan əsgərinin qarmonda ifası hamı kimi məni də kövrəltmişdi. Bu ifada diqqət çəkən məqamlar çox olduğuna görə, əsgərin kimliyini araşdırmaq qərarına gəldim.

Əzizbəy Muradov Etibar oğlu 3fevral 1998-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində sadə fəhlə ailəsində dünyaya göz açıb. Ailədə 3qardaşın ən balacası olan Əzizbəy elə körpəliyindən musiqiyə meylli olub. Atasının sözlərinə görə harda bir musiqi ifa edən olardısa, Əzizbəyi onun yanında diqqətlə baxan görərdi.

Orta məktəbi bitirdikdən sonra Konservatoriyaya sənədlərini verir, lakin lazım olan qədər bal toplaya bilmir. Çağırış vaxtı çatan Əzizbəy xidmətə gedir və qayıdandan sonra musiqi təhsili almaq üçün yenə sənədlərini verir. Bu dəfə Asəf Zeynallı adına Musiqi kollecinə qarmon şöbəsinə qəbul olur.

3-cü kurs tələbəsi olan Əzizbəy hal-hazırda könüllü xidmətdədir. Bakı şəhərində kirayədə qalaraq təhsilini davam etdirən tələbə elektron qaydada səfərbərliyə yazılır və bunu ailəsindən gizlədir. Çağırış vaxtı gələndə atası Etibar kişi bundan xəbər tutur və oğluna zəng edir ki, gəl, oğul, vətən səni çağırır.



Atasının belə qürurla, fəxrlə oğlunu cəbhəyə yola salmağında maraqlı nüans odur ki, Etibar kişi özü qazidir, bu döyüş yoluna 8oktyabr 1992-ci ildə o özü də çıxmışdı. O, torpaqlarımızın müdafiəsinə könüllü kimi gedəndə ailəli idi və 1övladı var idi. Fizuli istiqamətində gedən döyüşlərdə mərdliklə döyüşən Etibar 28 fevraıl 1998-ci ildə yaralanaraq tərxis olur.

2-ci qrup Qarabağ əlili olan Etibar kişi deyir ki, vətənpərvərlik , vətən üçün canından, qanından keçmək qandan, gendən gələn bir məsələdir. Təvazökarlıq edərək özündən yox, Əzizbəyin babasından, yəni atasından, 1941-45-ci illərdə iştirakından, müharibədə 1 qolunu itirib əlil qayıtmasından bəhs edən qazinin özünün də şərəfli döyüş yolu olub və bunlar hamısı da indiki gənc nəslə örnəkdir.

Etibar kişi indi də xeyirxah işlərlə məşguldur. O, Qarabağ Əlillərinə Qayğı İB-nin Sabirabad filialının sədr müavini vəzifəsində çalışır. Gördüyü ictimai işlə şəhid ailələrinin, Qarabağ əlil və veteranlarının sosial problem və qayğılarının həll olunmasında canla-başla iştirak edir.

Qazi atanın qəhrəman oğlundan danışanda səsinin titrədiyini, tez-tez kövrəldiyini hiss edirdim, 50 gündür odun, alovun içində olan oğlunun üzünü görməyən atanın halını təsəvvür edin. Əzizbəyin anası da, atası da 44 günlük müharibədə nə qədər həyəcan, stress yaşasalar da, bir neçə dəqiqəlik qarmon ifası ilə bütün gərginliklərinə son qoyuldu. Əzizbəyin ifasını televizorda görənlər bu xoş xəbəri onlara verəndə çox təsirlənib və seviniblər.



Anası oğlundan fərəhlə danışır, sonbeşik balasının fədakarlığı, balasının salamat olması, döyüş formasını soyunmamış əlinə qarmon alıb ifa etməsi onun üçün ən böyük mükafatdır. Ana deyir ki, Əzizbəyin bir arzusu yerinə yetdi, torpaqlar azad oldu, 2-ci arzusu isə Konservatoriyaya qəbul olmaqdır. İnşaallah bu arzusu da yerinə yetər.

Ata da, ana da Əzizbəylə fəxr etdiklərini, qürur duyduqlarını dedilər. Təbiətcə sakit, tərbiyəli övlad olan Əzizbəylə həqiqətən fəxr etməyinə dəyər. Çünki Fizülinin, Cəbrayılın, Qubadlının və Qarabağın tacı Şuşanın alınmasında gedən döyüşlərdə Əzizbəy qəhrəmancasına döyüşüb.



İçində qəzəb, qisas və öldürmək hissi ilə döyüşə atılan igid əsgərimiz azad etdikləri torpaqlarda düşmənin atıb qaçdığı evdən ilk qarşısına çıxan musiqi alətini götürüb “Qarabağ şikəstəsi”ni ifa edir. Bu, döyüşkən ruhlu Azərbaycan əsgərinin həm də necə incə qəlbli olmasının sübutudur. 44 gün ayağından çəkməsini çıxartmayan əsgər avtomatı qarmonla əvəz edərək yenə öz istəyindən, öz marağından kənara çıxmır, musiqiyə sevgisi hər şeyi üstələyir.

Hal-hazırda Şuşa şəhərində olan əsgər Əzizbəyi doğmaları həsrətlə gözləyir. 2 günə 200 mindən çox baxış sayı toplamış videosu ailənin oğullarına qovuşacağı günə qədər təsəllisidir.

Arzu edirik ki, Əzizbəy tezliklə əzizlərinə qovuşsun və təhsilini davam etdirsin. Arzusunda olduğu Milli Konservatoriyaya daxil olmasını diləyib, Əzizbəyin timsalında bütün Azərbaycan əsgərləri ilə qürür duyduğumuzu bildiririk. Bu fərəhi bizə bəxş etdiklərinə görə hər birinə borcluyuq. Şəhid olmuş hər bir Azərbaycan əsgərinin ruhunun qarşısında baş əyirik.

EŞQ OLSUN AZƏRBAYCANIN MÜZƏFFƏR ORDUSUNA!

YAŞASIN AZƏRBAYCAN! YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ!

QARABAĞ AZƏRBAYCANDIR!


Müəllif: XURAMAN ETİBARLI



















176 views0 comments

Recent Posts

See All

Comments


bottom of page