Ağdamın Seyidli kəndində dünyaya göz açan və evin sonbeşiyi olan Ceyhunun gözəl arzuları və xəyalları var idi. Orta məktəbdə əlaçı şagird kimi müəllimlərin sevimlisinə çevrilmiş bu bəstəboy və yaraşıqlı oğlan içtimai fəallığı ilə də seçilirdi. Hüquqşünas olmaq arzusu ilə yaşayırdı. Heç ağlına da gəlməzdi ki. onun bu arzuları yarımçıq qalar...
Ceyhun Nadir oğlu Nadirov 17 noyabr 1974- cü ildə anadan olub. 1982-ci ildə 1-ci sinfə gedib, 1988-ci ilin sonlarında mənfur qonşularımızın törətdiyi təxribatlar, elan olunmamış müharibə Ceyhunun da arzularının üstündən xətt çəkdi. Ağdamın Seyidli kəndinin Kötəl batalyonunun könüllülərinə qoşulanda 9-cu sinifdə oxuyurdu. Torpağına, vətəninə olan sevgisinə görə təhsilini yarımçıq qoydu və 1992-ci ilədək düşmənə qarşı qəhrəmancasına vuruşdu.
Daha sonra həqiqi hərbi xidmətə çağrılan Ceyhun 777 №- li hərbi hissənin tərkibində Fizuli istiqamətində gedən döyüşlərdə iştirak edərək, 6 mart 1994-cü ildə Fizuli rayonunun Aşağı Seyidəhmədli kəndində ağır yaralandı. Ceyhun narkozdan ayılanda artıq sağ ayağını hiss etmədi və onda başa düşdü ki. ömürlük əl ağacına möhtac qalacaq...
Ayağını vətən yolunda qurban verən qazi şəhidlik zirvəsinə ucalmadığına təəssüflənir. Çünki o da döyüşçü yoldaşları kimi torpaqları azad edib, şəhidliyin uca məqamına yüksəlmək arzusunda idi. Nə qədər çətin olsa da Ceyhun sınmadı, bütün çətinlikləri adlatdı, məğrurluğunu, qürurunu itirmədi.
Hal-hazırda Ceyhun ictimai işlə məşğuldur. Qarabağ Əlillərinə Qayğı İB-nin Suraxanı filialının sədri vəzifəsini içra edir. Onun rəhbərlik etdiyi filialin idarə heyətinə “Suraxanı canavarları” da deyirlər. Çünki əksəriyyəti qazi olan keçmiş döyüşçülər nəinki 1-ci Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin, eləcə də sonuncu Vətən müharibəsinin də qazilərinin, şəhid ailələrinin problemlərinin həllində xüsusi fəallıq göstərirlər.
Ceyhun Nadirovun sədri olduğu filialın bu xeyirhax işində onlara yerli İcra hakimiyətinin rəhbərliyi və rayonun millət vəkilinin də yardım etdiyini qeyd etməyi lazım bildik. Ceyhun hüquqşünas ola blməsə də, şəhid ailələrinin, qazilərin və veteranların hüquqlarını qorumaq, onların sosial qayğılarını işıqlandırmaq və həll etmək məsələlərində yaxından iştirak edir. Döyüş bölgələrinə yardımlar aparmağı, əsgərlərlə görüşməyi, onları ruhlandırmağı keçmiş döyüşçü özünə borc bilirdi.
Onun ən böyük arzusu torpaqların işğaldan azad edilməsi, doğma Ağdamı, Seyidlidəki ata yurdunun heç olmasa daşını, kəsəyini görməkdir. Həyatının ən gözəl və unudulmaz çağlarının keçdiyi torpaqda doyunca gəzmək istəyi ilə səbrsizliklə Ağdamın azad olacağı günü gözləyir və həmin günü ən gözəl “Ad günü” hədiyyəsi olacağını hesab edir.
Yeniyetmə yaşlarından həyatı döyüşlərdə dəyişən igid qazimiz bu günə kimi heç bir “Doğum günü”nü sevinclə qeyd etməyib. Bu gün 46 yaşını tamamlayan qəhrəman döyüşçü çox sevinir, fərəhlənir. Çünki 1-ci Qarabağ müharibəsində yarımçıq qalan arzularının 44 günlük Vətən müharibəsindən sonra çin olma ehtimalı daha yüksəkdir.
Biz də Qarabağ Əlillərinə Qayğı İB-yi adından Ceyhun Nadirovu ürəkdən təbrik edir, ona doğma Seyidlidə təntənəli “Doğum günü” partisi keçirməyi arzu edirik. Arzuların çin olsun, Ceyhun, həmişə belə mərd, məğrur və qorxmaz olasan, həyat səni sınaqları ilə sındıra bilmədiyi kimi, bundan sonrakı həyatında da büdrəməməyi arzu edirik. Yeni yaşın yeni uğurlar gətirsin sənə inşaallah.
YAŞASIN AZƏRBAYCANIN İGİD OĞULLARI! QARABAĞ AZƏRBAYCANDIR!
Ağdamda görüşmək arzusu ilə: XURAMAN ETİBARLI
Comments