Dekabrın 26-da Ermənistanın Vatikandakı keçmiş səfiri, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan “Requiem” dərgisində ifşaedici bir məktub dərc edib. Bu məktubu KTMT Baş katibi Stanislav Zas Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana İkinci Qarabağ müharibəsi başlamazdan 26 gün əvvəl yazmışdı.
DİQQƏT.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, ”Minasyana görə, KTMT baş katibi Qriqoryana Qarabağda müharibənin yaxın vaxtlarda başlayacağını yazır. Bildirir ki, KTMT çərçivəsində təcili hərbi-qərargah təlimlərinə başlanılmalıdır. Baş katibin fikrincə, Ermənistan hakimiyyəti KTMT dövlət başçıları ilə ciddi danışıqlara getməli və baş verə biləcək münaqişə zamanı müvafiq köməkliklər göstərilməsini xahiş etməlidir. Çünki Ermənistan gözlənilən müharibəyə hazır deyil”.
Keçmiş səfir əlavə edib ki, “KTMT Baş katibi 2019-cu ildən bəri Ermənistanda terrorçuların cəlb olunduğu gizli agent şəbəkələrinin fəaliyyət göstərdiyini vurğulayıb. Bildirib ki, təcili olaraq Ermənistan MTX-i bu şəbəkəni ifşa etməlidir. Zasın fikrincə, Ermənistan 2018-ci ildən bəri informasiya və diplomatiya müharibəsində Azərbaycana uduzur. Bu məğlubiyyətdən təcili nəticələr çıxarılmalı və Azərbaycan və Türkiyə ilə müharibəyə hazırlaşılmalıdır”.
Baş katib daha sonra yazır: “2018-ci ildən bəri hərbi balans Azərbaycanın xeyrinə pozulub və Naxçıvandakı mövqe güzəştləri Ermənistan və “Artsax”ın təhlükəsizliyi üçün strateji problem yaradır”.
Keçmiş səfirin sözlərinə görə, bu məktub Nikol Paşinyanın yaxınlaşan müharibə barədə məlumatlı olduğunu sübut edir. Minasyan məktubun və ona əlavə edilmiş sənədlərin diplomatik xəbərdarlıq olduğuna əmindir. Və məktubda yazılanlar demək olar ki, 99 faiz özünü təsdiqləyib. “Bu, Ermənistan kəşfiyyat orqanlarına birbaşa mesaj idi – KTMT ilə əlaqə qurun, çünki müharibə olacaq və bunun öhdəsindən gələ bilməyəcəksiniz”, – deyə siyasətçi fikirlərini sona çatdırıb./Konkret.az
Comments