DİQQƏT.info hüquq professoru, iş adamı İlham Rəhimovun “Yeni Müsavat”a müsahibəsini ixtisarla təqdim edir:
-Professor, siz uzun illərdir Rusiya dövlət başçısı ilə dostsunuz. Dəfələrlə müsahibələrinizdə sizdən onunla Qarabağ məsələsini müzakirə edib-etmədiyinizi soruşmuşuq. Tovuz hadisələrindən cəmi bir neçə ay sonra savaş başlayacağını ehtimal edirdinizmi?
- Bəli. Savaşdan öncə sizə dəfələrlə müsahibələr vermişəm. Çox olub ki, bildiklərim haqda məcburən susmuşam. Çünki onları söyləməyin zamanı gəlməmişdi. Amma 20 ildir deyirdim ki, Qarabağ məsələsinin ədalətli çözümü Rusiya ilə Türkiyə arasında münasibətdən asılıdır. Deyirdimmi?
- Dəfələrlə...
- Oldumu? Oldu... 20 ildir deyirdimmi ki, Vladimir Putin hakimiyyətdə olduğu dönəmdə Rusiya aktiv hərbi əməliyyatlara qoşulmayacaq, neytral qalacaq? Deyirdim... oldu. Deyirdimmi ki, nə qədər Putin iqtidardadır, bu problemi həll eləməliyik, sonraya qalsa, çox çətin olacaq? Deyirdim... Çünki Rusiya siyasi elitasını çox yaxşı tanıyıram. Eyni zamanda Putinin fikrini də çox yaxşı bilirəm. 20 il dediklərimi indi də təsdiq edirəm - nə qədər Putin hakimiyyətdədir, indi bizim Qarabağda olan ən böyük problemimiz olan sülhməramlılar məsələsini həll eləməliyik. Rusiyada hakimiyyət dəyişsə, bu, çox çətin olacaq. Nələrisə bilirəm ki, belə deyirəm. Narahatlıq doğuran bir məqam da var. Bu gün Azərbaycanda Rusiyaya qarşı güclü təbliğat gedir. O sıradan Putinə qarşı... Bu, aydın məsələdir. Bu, siyasətdir. Demokratiyada tənqidlərə yer olmalıdır. Burada heç bir problem yoxdur. Rusiyanın məmurlarını da tənqid etmək olar. Elə yeri gələndə edilməlidirlər də... Putini də tənqid etmək olar. Bu da öz yerində... Amma bir məsələdə çox ehtiyatlı olmalıyıq - bütöv rus xalqını təhqir etmək olmaz. Bu, çox səhv addımdır. Bəzən bu, siyasətçilərin də dilindən səslənir. Unutmaq olmaz ki, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Bilirsiniz, məmurları tənqid etməklə xalqı təhqir etmək arasında çox böyük fərq var. Bu, çox təhlükəli tendensiyadır. Gəlin fikirləşək görək, bu bizə nə verə bilər? Bu gün üçün ən böyük problemimiz Dağlıq Qarabağın sülhməramlıların nəzarətində olan əraziləridir. Açar yenə kimin əlindədir?
- Rusiyanın...
- İndi onları söyməkmi yaxşıdır, yoxsa diplomatiya ilə prosesi öz xeyrimizə çevirməkmi? Nə edək? Azərbaycanın taleyi belədir. Ölkəmizi götürüb başqa yerə köçürəsi deyilik ki?.. Rus xalqını söyməklə nəyəsə nail olacağımızı düşünənlər, bir anlatsınlar görək, bununla biz nəyə nail ola bilərik? Bu qonşudur. Biz bu qonşu ilə münasibət saxlayıb, yavaş-yavaş güclənib onu da öz maraqlarımıza uyğun qonşuluq münasibətinə çəkməliyik. 44 gün savaşdıq, böyük qələbə qazandıq. Bu çox gözəl. Gerçəkdən çox böyük qələbədir. Mən çox fəxr edirəm. Xüsusən Şuşa alınanda çox fərəhləndim. Çox olmuşam Şuşada. Orta məktəbi Bərdədə oxumuşam deyə, Şuşaya tez-tez gedirdik. Əsas da yay aylarında. İdmanla məşğul idim, yayda Cıdır düzündə yarışlara gedirdim. Şuşanı çox yaxşı tanıyıram, çox xatirələrim var o şəhərdə. 44 günü hamımız ordumuzdan gələn xəbərlərlə yaşayırdıq, təbii. Ordumuz hara çatdı, neçə kənd alındı, hansı şəhər azad olundu... Gecə-gündüz gözümüz, qulağımız bu xəbərlərdə idi. Hər birinə sevindik sözsüz ki... Amma Şuşa xəbəri bir başqa xəbər idi. Mən çox çətin ağlayan adamam. Çox nadir hallarda gözümdən yaş gələr. Amma Şuşanın azad olunması xəbəri gələndə ağladım. Sevincdən, fərəhdən, qürurdan...
- Sözsüz ki, siz çox informasiyalı şəxssiniz. Belə çıxır, Azərbaycan Ordusunun Şuşaya gedib çıxacağını heç siz də bilməmisiz... Dediklərinizi belə qəbul edə bilərikmi?
Ardı var...
Comments