Deyirlər vəzifə insanı dəyişir. Əslində vəzifə heç nəyi dəyişmir, kimin kim olduğunu, şəxsiyyətini, mənliyini üzə çıxarır. Kreslo məmurun sadəcə oturub işlədiyi yer olmalıdır, sui-istifadə predmeti yox. Bunu hər bir məmur anlamalı və əməl etməlidir. İşinə məsuliyyətlə yanaşan, səlahiyyətlərini aşmayan, ona təhkim edilmiş hər hansı bir sahəni, müəssisəni və yaxud bölgəni öz şəxsi obyekti hesab etməyən vəzifə sahibləri barmaqla sayılacaq qədərdir.
Haqqında danışacağım şəxs də məmurdur, özü də barmaqla sayılacaq qədər olan məmurlardan. Quliyev Rövşən Ağabəy oğlu Neftçala şəhər bələdiyyəsinin sədridir.
O, 1960-cı ilin iyulun 28-də Neftçala rayonunun Kurkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1981-86-cı illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Təyinatla doğma rayonuna qayıdan ali təhsilli mütəxəssis bu günə kimi müxtəlif sahələrdə, müxtəlif vəzifələrdə çalışıb.
Mədəniyyət idarəsində şöbə rəisi, Rayon Komitəsində inzibati işlər üzrə müavin, 2001- 2015-ci illərdə isə Kürkənd Bələdiyyəsinin sədri vəzifələrində çalışıb. 2018-ci ildə Neftçala rayon Birləşmiş Bələdiyyələr idarəsinin sədri seçilib. Səriştəli fəaliyyətinə görə 2020-ci ilin yanvar ayında keçirilən seşkilərdə namizədliyi irəli sürülən Rövşən Quliyev təkrar sədr olmağa layiq görülüb.
Bələdiyyə sədri kimi işinin öhdəsindən bacarıqla gələn Rövşən müəllim həm də Neftçala rayon qazilərinin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən sədr səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Rövşən Quliyev şəhid ailələrinin, Qarabağ əlillərinin, veteranların həyətyanı torpaq sahəsi ilə bağlı müraciətlərini müsbət cavablandırmaqla yanaşı, onların işlə təmin edilməsində də əlindən gələni köməkliyi edir. Yeni iş yeri açmaq istəyənlər üçün yer məsələsini problemsiz, get-gələ salmadan həll edir Rövşən müəllim.
Respublika Qarabağ Əlillərinə Qayğı İB-nin Neftçala rayon filialının sədri, 2-ci qrup Qarabağ qazisi Məhəmməd Məcidov Rövşən Quliyev haqqında ürək sözlərini söyləyərkən ancaq müsbət fikirlər səsləndirdi. O, bələdiyyə sədrindən bütün müharibə iştirakşılarının, şəhid ailələrinin razı qaldığını, onlara atalıq qayğısı göstərdiyini dönə-dönə vurğuladı.
Vətən müharibəsi zamanı QƏQİB-in Neftçala filialı dəfələrlə döyüş bölgəsinə müxtəlif yardımlar apararkən də Rövşən müəllim özü müraciət edərək, öz şəxsi vəsaiti hesabına bu yardım aksiyalarına qoşulmuş, hər zaman cəmiyyətə və ordumuza dəstək olmuşdur. Həmişə keçmiş döyüşçülərin yanında olan, onlara hər cür köməklik göstərən bələdiyyə sədri, müharibədən qayıtmış gənc qazilərə də yardım və dəstəyini əsirgəmir.
QƏQİB-in Neftçala filialı yarandığı gündən bu günə kimi Rövşən müəllimlə əməkdaşlıq edir. Sədr M.Məcidov filialın ofislə təmin olunması, təmiri, avadanlıqlarla, stol-stulla, dəftərxana ləvazimatları təmin olunması və s. məsələlərinin həllində də bələdiyyə sədrinin yaxından iştirak etdiyini, köməklik göstərdiyini qeyd etdi.
Neftçala bələdiyyəsinin sədri vətənpərvər və məsuliyyətli məmur olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır. Rövşən müəllimin xanımı tələbə yoldaşıdır, o da bu rayona təyinatla gəlib, hal-hazırda Mədəniyyət evində çalışır.
Bu gözəl ailənin üç övladı var. Övladlarının ikisi qız, biri oğlandır. Altı nəvə sahibi olan bələdiyyə sədrinin oğlu Tural Xüsusi Təyinatlı gizirdir və o, hal-hazırda Şuşada xidmətdədir. 9 ildir ki, Vətənin keşiyində duran gizir 44 günlük müharibədə də qəhrəmancasına döyüşüb.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl ailəyə və onun başçısı Rövşən müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür məmurların, dövlət qulluqçularının sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq, Neftçalalı Rövşən müəllim kimi.
XURAMAN ETİBARLI
Comments