Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
DİQQƏT.info bildirir ki, Nazirlikdən verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Ülkər Vəliyyəddin qızı Hacıyevanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Məlumata görə, Ü.Hacıyeva kənd məktəbinin direktoru olub.
Mərhumənin ölümünün bəzi təfərrüatları məlum olub.
"Özüm də hadisə yerində olmuşam. Ülkər Hacıyevanın vəfat etdiyi evdə partlayış izi görünürdü". Bunu "Report"un Şimal bürosuna Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev deyib.
Onun sözlərinə görə, məktəb direktorunun meyitini yaşadığı evdə həmkarları görüblər: "1976-cı il təvəllüdlü Ülkər Vəliyyəddin qızı Hacıyeva 10 ildən çoxdur ki, rayonun Alıcqışlaq kənd tam orta məktəbin direktoru işləyirdi. Rayon mərkəzindən kəndə məsafə uzaq olduğundan, işə getmək üçün bir neçə həmkarı ilə maşın tutub gedirlər. Səhər saatlarında həmkarları işə getmək üçün ona bir neçə dəfə zəng etsələr də cavab verməyib. Daha sonra qohumları ilə əlaqə saxlayan həmkarları onun yaşadığı evə giriblər. Evdə Ülkər Hacıyevanın meyitini görüblər". İ.Musayev əlavə edib ki, hadisəni eşidəndən dərhal sonra məktəb direktorunun yaşadığı evə gedib: "Mən özüm də hadisə yerində olmuşam. Ülkər Hacıyevanın vəfat etdiyi evdə partlayış izi görünürdü. Deyilənə görə, su qızdırıcısı içəridə partlayıb. Hazırda meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib. Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq". Qeyd edək ki, Hacıyeva Ülkər Vəliyyəddin qızı subay olub və tək yaşayırmış.
Comments