Ermənistanın Baş naziri ölkəsini gərginlikdən çıxarmaq üçün bütün imkanlardan istifadə etmək məcburiyyətində qalıb. Nikol Paşinyan şəxsi Facebook səhifəsindən siyasi oponentlərinə bir daha müraciət edərək bildirib ki, “mən bəzi ünsürlərə, xüsusən də vaxtı ilə Ermənistana rəhbərlik edən şəxslərə demək istəyirəm ki, insanları aldatmaqla və yaxud da müxtəlif yollarla həvəsləndirib küçələrə çıxarmasınlar. Etiraz aksiyalarına, mitinqlərə, yürüşlərə son qoyulmalı və normal həyata qayıtmaq lazımdır. İstefamı tələb edən qüvvələrə demək istəyirəm ki, Ermənistan 2-3 min nəfərdən ibarət deyil ki, onların istəkləri reallaşsın. Hakimiyyətə gəlmək üçün Ermənistanın konstitusiya qanunları mövcuddur və tələb edirəm ki, hər kəs ali qanunvericiliyə riayət etsin. Əks təqdirdə həmin hərəkətlərin təşkilatçıları və iştirakşıları ən sərt şəkildə cəzalanacaqlar”. Baş nazir parlamentdə təmsil olunan “Çiçəklənən Ermənistan və “İşıqlı Ermənistan” partiyalarının təkilflərini müsbət dəyərləndirərək növbədənkənar seçkilərin keçirilməsinin lehinə olduğunu deyib. Bunun üçün tez bir zamanda müzakirələrə razılığını verib.
Ermənistanda vəziyyətin düzəlməsi illərlə çəkə bilər. Növbədənkənar seçkilər keçirilsə belə, yenə də gərginlik davam edəcək. Bütün bunların kökü isə işğalçılıq siyasətindən irəli gəlir. Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi ki, Ermənistandakı daxili vəziyyətin pisləşməsi Azərbaycanın atacağı addımdan asılıdır. Lakin Ermənistan tərəfi bunu gülüşlə qarşılamış, daha yeni torpaqları işğal edəcəkləri ilə hədələmişdi. Bunu Ermənistanın yeni rəhbərliyi anlamadı ki, Azərbaycanın səbri daşanda ölkələrindəki ictimai-siyasi vəziyyət gərginləşə bilər. Bunu Serj Sarkisyan hakimiyyəti bilirdi. Hələ 2016-cı ildə Azərbaycan ordusu Lələtəpə yüksəkliyini işğaldan azad edəndə erməni cəmiyyəti həmin hakimiyyətə istefa şüarları səsləndirdi.
Nəhayət, bunu indiki Ermənistan rəhbərliyi də yaşadı. Gərginliyin nə vaxta qədər sürəcəyini Ermənistanın politoloqları, mədəniyyət xadimləri bilmir. Ancaq Prezident Armen Sarkisyan hadisələri dərindən təhlil edərək bəyan edib ki, bu, indiki ermənilik deyil, gələcək ermənilik üçün də utanc yeridir. Deməli, gələcək ermənilik bu məğlubiyyəti qanında və canında daşıyacaq. Armen Sarkisyan məğlubiyyətin səbəblərindən biri kimi Ermənistanın müharibəyə yaxşı hazırlaşmadığını göstərir. Düz deyir. Çünki Ermənistan 1-ci Qarabağ müharibəsində qazandığı qələbənin eyforiyası ilə yaşayırdı. Həm də düşünürdü ki, 2016-cı ilin aprel və 2020-ci ilin iyul hadisələrində olduğu kimi Rusiya münaqişəni 3-4 günə saxlayacaq. Lakin Azərbaycan bütün bunları əvvəlcədən bildiyindən, 2-ci Vətən müharibəsinə bütün hazırlıqlarını başa çatdırmışdı. İstər hərbi, istər diplomatik, istər media sahəsində.
Sarkisyan deyir ki, Ermənistan gərək Qarabağa çoxlu erməni yerləşdirəydi. Yenə səhv edir. Kifayət qədər erməni yerləşdirilsəydi də, Azərbaycan bunun əvəzini çıxacaqdı. Qələbə qazanıb o ermənilərin sayını azaldacaqdı.
Ermənistan yalnız indi anlayır ki, adi sakini mənəvi-psixoloji faciəsini illərlə ürəyində daşıyacaq. Bu onun məişətinə, iş qabiliyyətinə təsir göstərəcək. Lakin neyləyəsən ki, ölkədə aydınlar azdır ki, məsələnin kökünü axtarıb tapsınlar. Məsələnin kökü ondadır ki, Ermənistan işğalçılıq siyasətini birdəfəlik unutmasa, gündəlik rasionundan çıxarmasa, bu faciələr yüz illərlə davam edəcək. Azərbaycan Prezidenti bunu dəfələrlə bildirib ki, Ermənistanın inkişafı yalnız və yalnız işğalçılıq siaysətindən əl çəkməsi ilə baş verəcək. Məhz bunun nəticəsində qonşu ölkə bütün regional layihələrdən məhrum oldu.
Armen Sarkisyan bildirir ki, Nikol Paşinyan dünya erməni diasporası ilə Ermənistan arasında divar yaradıb. Demək istəyir ki, onsuz da dünya ermənilərinin fondlara köçürdüyü ianələrin xeyri olmadı və bundan sonra da olmayacaq, məhz Nikol Paşinyana görə. Ancaq burda Paşinyan faktori özünə yer almır. Burda Azərbaycan və onun apardığı siyasət faktoru əsas sayılmalıdır. Çünki Azərbaycan rəhbərliyinin apardığı siyasət və qəti siyasi iradəyə görə Ermənistan müharibə zamanı heç bir iş görə bilmədi. Nikol Paşinyanın yerinə kim olsaydı, yenə bacarmayacaqdı.
Ermənistan Prezidenti deyir ki, Azərbaycan informasiya müharibəsində qalib gəldi. Bütün bunlar ona görədir ki, qarşı tərəf Rusiya və erməni diasporasının güclü olduğu ölkələrin KİV orqanlarına ümid olmuşdu. Lakin Azərbaycan tərəfi tarixdən yaxşı bilirdi ki, 1-ci Qarabağ müharibəsi zamanı onun haqq işi dünyaya çatdırılmır, informasiya blokasında çabalayırdı. Əlbəttə ki, biz tarixdən nəticə çıxardıq və media siyasətimizi elə qurduq ki, Prezident İlham Əliyev onlarla nüfuzlu KİV orqanına müsahibə verərək ədalətli mövqeyimizi dünyaya çatdırdı.
Beləliklə, Armen Sarkisyan məğlubiyyətin fəsadının hələ uzun müddət qalacağını bildirməklə ümumi mənzərəni yaratdı. Mənzərə ondan ibarətdir ki, Azərbaycan regionda güclü ölkədir və ona qarşı qalxmaq bir cəmiyyətdə yüz il inkişaf prosesini gecikdirə bilər. Necə ki, Ermənistan cəmiyyəti o fəsaddan hələ də çıxa bilmir./Konkret.az
Comments