“Hərbi əməliyyatlar zamanı, nəzərə alınması vacib məqamlardan biri də hücumda olan ordu ilə müdafiədə olan hərbi birləşmə arasında olan itki sayındakı fərqlilikdir. Döyüş qaydasına görə, hücumda olan ordunun itkisi daha çox olmalıdır”.
"DİQQƏT" xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli deyib. O bildirib ki, Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlarda əsas məqsəd maksimum nəticə, minimum itki prinsipi idi:
“Azərbaycan qarşıya qoyduğu bu prinsipi layiqincə yerinə yetirdi, sonda uğurlu qələbə əldə etdi. Həyata keçirilən əməliyyatlarda ordumuzun itki sayının Ermənistana nisbətdə 3 dəfə az olmasının səbəblərindən biri də hərbi qulluqçularımızın döyüş peşəkarlığıdır. Hər bir itki bizim üçün ağır və çətindir. Azərbaycan Ordusunun müxtəlif qoşun növlərində çalışan çox peşəkar hərbçiləri şəhid oldular. Amma qanları yerdə qalmadı, zəfər bizim oldu.
Ermənistan tərəfi isə nəinki məğlub oldu, eyni zamanda böyük itki ilə geri çəkilməli oldu. Hazırda Ermənistanda iğtişaşlar baş verir, onlar itkilərin sayının düz olmadığını, reallığın açıqlanan rəqəmlərdən daha çox olduğunu söyləyirlər. Əlbəttə, bunu söyləməkdə haqqlıdırlar. Çünki hökümət artıq mərhələli şəkildə etiraf etməyə başlayır ki, onların itkiləri 10 mindən çoxdur. Bəlkə də 15 minə yaxındır. Amma ümumilikdə, Ermənistan ordusunda yaralı, məhv edilən, itkin düşənlərin sayına baxdıqda, 30 minə yaxın itki verdiyini deyə bilərik. Bu da o deməkdir ki, onların ordusunun nəinki döyüş potensialı hətta canlı qüvvə ehtiyatı da darmadağın edilib.
Comments