top of page
Xuraman Həmidova

BNA şəhərin küçələrini alverxanaya çevirib? - FOTO


Səbail rayonu, T.Əliyarbəyov və Ə.Əlizadə küçələrinin kəsişdiyi yerdə avtomobil saxlayan vətəndaşlardan 5 manat dayanacaq pulu tələb edilir.

DİQQƏT.info Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı tanınmış şair Dəyanət Osmanlı qeyd edib. O bildirib ki, bu pulu vermədiyi üçün ikinci sırada saxlayan sürücüləri Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları cərimələyir:

“Bakı Nəqliyyat Agentliyi şəhərin küçələrini alverxanaya çevirib. İllərdir ki, bir neçə yerdə ödənişlər müəyyən olunanadək dayanacaqların pulsuz olması barədə lövhələr asılıb. Amma 10-15 metrdən bir vəsiqəsiz pulyığan “parkovşik” qoyublar, onlar da hər avtomobil saxlayandan 5 manat tələb edir. Hamıya məlumdur ki, ödəniş qəbzi də verilmir. Pul verməyənləri və ikinci sırada saxlayanları isə bu pulyığanların çağırışı ilə gələn BNA nümayəndələri cərimələyir”.

Şair bildirib ki, ödənilən vəsait dövlət büdcəsinə gedərsə, etiraz edən də olmaz, ancaq bu pulların qeyri-qanuni yığılması və kimlərinsə cibinə axması ciddi etiraz yaradır.

D.Osmanlı fakt kimi ərazidən fotolar da paylaşıb və olayı hər gün ərazidə işləyən şəxs olaraq müşahidə etdiyini bildirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ənənəvi olaraq problemin mövcudluğunu inkar edib və səsləndirilən fikirlərin həqiqəti əks etdirmədiyini bildirib:

“Pul verməyən sürücülərin cərimələnməsi üçün “BNA əməkdaşları əraziyə çağırılır” kimi fikirlərin heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Ərazidə parklanma nişanı və nişanın altında məlumat lövhəsi varsa, sürücü həmin lövhədə göstərilən qaydada avtomobilini orada park edə bilər. Bunun üçün kimlərəsə ödəniş edilməsinə ehtiyac yoxdur. Biz dəfələrlə bu barədə KİV vasitəsilə, sosial media platformalarında açıqlama vermişik. Mövqeyimiz dəyişməzdir. Belə olmasaydı, sürücülərin birbaşa yerində məlumatlandırılması üçün məlumat lövhələri vurulmazdı”.

Qeyd edək ki, sözügedən problem vaxtaşırı olaraq gündəmə gətirilir. BNA-nın parklanma siyasətindən narazı olanlardan biri isə millət vəkili Rüfət Quliyevdir.



8 views0 comments

Recent Posts

See All

Comments


bottom of page