top of page
Xuraman Həmidova

BİR İLLİK ÖMRÜN BÖYÜK UĞURLARI - VİDEO

Updated: Jan 26, 2021



Sözün ümumi məhfumunda “əlil” sözü çox məna kəsb edir, “Qarabağ əlilləri” dedikdə isə, gözümüzün önünə normal, sağlam həyatını Vətən, torpaq, namus, qeyrət uğrunda mübarizədə əsirgəməmiş, bədən üzvlərini, əzalarını, orqanlarını itirmiş və qayğıya, köməyə ehtiyacı olan vətənpərvər insanlar gəlir. Bu insanlara kömək etmək, onların qayğılarını qarşılamaq təkcə dövlətin yox, bütün cəmiyyətin işidir. Və bu zərurətdən doğaraq yaranan Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi öz fəaliyyəti ilə bütün respublikada tanınır. Könüllülük prinsipi və ictimai əsaslarla yaranan bu cəmiyyətə qoşulan, üzv olmaq istəyənlərin sayı çox olduğundan, ictimai birliyin rayonlarda, bölgələrdə şöbələrinin, filiallarının açılmasına ehtiyac yarandı.



İlk yaranan və aktivliyi ilə seçilən filialldan biri də Suraxanı rayon filialıdır. Filial düz bir il önçə, 26 yanvar 2020-ci ildə yaradılıb. Filialın sədri 1-ci qrup Qarabağ əlili, əslən Ağdam rayonunun Seyidli kəndindən olan Nadirov Ceyhun Nadir oğludur. Qısa bir müddətdə üzvlərinin sayını 90 nəfərə çatdıran Ceyhun müəllim filiallar içərisində həmişə sayılıb-seçilən, işi ilə, fəaliyyəti ilə hörmət qazanan və heç zaman yoruldum deməyən filial sədridir.



Təsadüfi deyil ki, Qarabağ Əlillərinə Qayğı İB-nin sədri Firidun Məmmədov müsahibələrində, cəmiyyətin ümumi iclaslarında, çıxışlarında və s. toplantılarda filial sədrlərinin işini dəyərləndirərkən, bir neçə filialı nümunə göstərir və bunların işərisində Suraxanı rayon filialı, onun sədri və müavinləri ilk sıralarda yer tutur.



Suraxanı rayon fililalın idarə heyəti də qazilərdən, veteranlardan ibarətdir. İsa Haqverdiyev, İlham Soltanov, Fuad Şəfiyev, Nazim Verdiyev Ceyhun müəllimin onlara həvalə etdiyi hər bir işin öhdəsindən məharətlə gəlirlər. Filialın idarə heyəti ancaq əlillərlə deyil, həmçinin, şəhid ailələri, veteranlar, imkansız ailələr, onların qayğı və problemlər ilə də maraqlanır, həlli üçün əllərindən gələni edirlər.




Maliyyəsi olmayan ictimai birliyə təşkilatlar, yerli icra aparatı və s. xeyirhax insanlar da köməklərini əsirgəmirlər. Suraxanı rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov və müavinləri filialın işi ilə yaxından maraqlanır, onların müraciətlərinə, istəklərinə müsbət cavab verir, səhhətləri və problemləri ilə bağlı nə lazımdırsa edirlər. Suraxanı rayonunun millət vəkili Sevinc Fətəliyeva da Ceyhun müəllimin rəhbərlik etdiyi filialın xeyirhax işini bəyənir və onlara hər zaman kömək əlini uzadır. İcra başçısı Ə.Əzizov və Sevinc xanım şəhid ailələrinin, qazilərin, veteranların, eləcə də imkansız ailələrin qayğı və problemlərini Suraxanı filialı ilə paralel şəkildə həll edirlər.




QƏQİB-in Suraxanı rayon filialının 1 yaşı tamam olması münasibətilə Ceyhun Nadirovu təbrik edərək, ondan kiçik müsahibə aldıq. Həmin müsahibəni təqdim edirik:


Ceyhun müəllim, əvvəla sizi filialınızın 1 yaşı münasibətilə təbrik edirik. Ötən bu 1 il Ceyhun müəllimin yadında necə qaldı, hansı işləri gördünüz, nəyə nail oldunuz, filial hansı nailiyyətlər əldə etdi?

Təşəkkür edirəm, bu 1 il problemsiz ötüşmədi, lakin buna baxmayaraq çətinlikləri, problemləri adlatdıq, şükürlər olsun. Lakin gözəl xatirələrimiz daha çoxdur, birliyimizin inkişafı və möhkəmlənməsi üçün əlimizdən gələni etdik. Bilirsiniz ki, il başlayan kimi pandemiya başladı. Təzə yaranmağına baxmayaraq, Suraxanı rayon filialı hamı üçün çətin keçən zamanda əlillərə, şəhid ailələrinə yardımlar etdi, səhhətində problemləri olan 5 qazini əməliyyat etdirdik, bayramlarda ehtiyacı olan ailələrə ərzaq yardımları etdik, bir neçə əlilin evlərini təmir etməkdə, ev tikintisində köməklik göstərdik. Zığ qəsəbəsində Şəhid bulağının tikiləməsinə lazım olan materialları bizim cəmiyyət verib. Mənə görə bu il bizim üçün çox uğurlu oldu.




Ceyhun müəllim, bu 1 illik fəaliyyətinizdə qazilərə, filialın üzvlərinə, o cümlədən, filialın özünə icra hakimiyyəti, məmurlar, döyüşçülərin adı keçən aidiyyəti qurumlar tərəfindən münasibət necə idi, dövlətimiz tərəfindən verilən tapşırıqlar yerlərdə necə yerinə yetirilirdi, ümumiyyətlə, sizə olan münasibətlərdən nə dərəcədə razı qaldınız?

Doğrusunu deyim ki, bizim təşkilat yaranmamışdan qabaq Suraxanı rayonunda sabiq icra başçısı İlqar müəllimin zamanında vəziyyət ürəkaçan deyildi. Təşkilatlanma yox idi, əlillər hərə bir tərəfə üz tuturdu, yəni xoşagəlməz bir durum var idi. Şükürlər olsun, filialımız təsis olunduqdan sonra Suraxanı rayonu üzrə bütün əlillər, veteranlar bir yerə yığışdı, həmin gündən bu günə kimi fəaliyyət göstəririk, kollektivimizdə böyük ruh yüksəkliyi var. Bütün rayon ictimaiyyətinə, dövlət qurumlarına şəhidlərin, əlillərin, veteranların kim olduğunu, Vətən, torpaq, millət uğrunda canından keçdiyini bir daha aşıladıq. Yeni İcra başçısı Əziz müəllim bizi qəbul etdi, fikirlərimizi çox gözəl qarşıladı və il ərzində həmişə bizə dəstək verdi. Yerli dövlət orqanları, strukturları ilə münasibətimiz müsbətdir, heç bir orqanla problemimiz yoxdur.




Ceyhun müəllim, bu il həm də Vətən müharibəsi oldu, qələbəmizlə başa çatdı, zəfərlə yadda qaldı. Siz nə iş gördünüz, ordümüza necə dəstək verdiniz, 44 gün sizin fəaliyyətinizə necə təsir etdi?

Vətən müharibəsi biz qazilərin yarımçıq qalmış arzularının çin olması oldu. 44 gün ərzində sakit dayana bilməzdik. Cəbhə bölgəsinə səfər etdik, müxtəlif yardımlar apardıq, gənc əsgərlərlə görüşlər keçirdik, söhbətlər apardıq, şəhid dəfnlərində iştirak etdik, şəhid ailələrinə baş çəkdik. Şükürlər olsun ki, Qarabağımız düşmən tapdağından qurtarıldı, mənim doğma Ağdamım azad oldu. Doğrudur, şəhidlər də verdik, Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə kömək olsun. İtkilərimiz oldu, lakin qırılmış, sınmış qürurumuz bərpa oldu. Buna görə biz başda Ali Baş Komandan İlham Əliyev olmaqla müzəffər Azərbaycan Ordusuna borcluyuq və minnətdarıq.




Sonuncu sualım gələcək planlarınız, gənc qazilərlə işləməyi planlaşdırırsınızmı?

İlk öncə Qarabağ Əlillərinə Qayğı İB-nin sədri, 1-ci qrup Qarabağ qazisi Firidun Məmmədova öz təşəkkürümü bildirmək istəyirəm ki, gözəl bir təşkilat yaratmış, qaziləri, veteranları ətrafında birləşdirmişdir. Onların qayğı və problemlərinin həllində bizim təşkilata məncə alternativ yoxdur. Suraxanı rayon filialına artıq yeni gəlmiş qazilər müraciət edir, onları üzvlüyə qəbul edib, hər cür yardım edirik. Onlar gəncdirlər, hüquqlarını başa salırıq, həm mənəvi, həm də gücümüz çatdığı qədər maddi dəstək oluruq. Müalicəyə ehtiyacı olanları müvafiq müalicə müəssisələrinə yönəldirik. Bundan sonra da bu yardımlarımız, dəstəyimiz davamlı olacaq. Şəhid ailələrinə, qazilərə, veteranlara dövlət tərəfindən verilən sərəncamların, onlara ayrılan imtiyazların vaxtında və yerində icra olunmasına nəzarət və tələb etmək niyyətindəyik.

Təşəkkür edirəm, Ceyhun müəllim, uğurlarınız bol olsun, xoş xəbərlərinizi eşitmək diləyi ilə sizə və cəmiyyətinizə uzun ömür arzu edirəm.




XURAMAN ETİBARLI

109 views0 comments

Recent Posts

See All

Comments


bottom of page