top of page
Xuraman Həmidova

“BABƏK-44”-ün unudulmaz CƏNGAVƏRİ ABDULLA - FOTO



Əmirov Abdulla Vilayət oğlu 20 sentyabr 1974-cü ildə Mingəçevir şəhərində dünyaya göz açmışdı. Uşaqlığı sovet dönəminə, gəncliyi isə 90-cı illərin ağır zamanlarına düşmüşdü. Yəni Azərbaycan müstəqilliyinin keçid dövrünü yaşaması ilə eyni zamanda, həm də mənfur düşmən tərəfindən elan olunmamış müharibəyə cəlb olunmuşdu. Müharibə gedə-gedə Azərbaycanın özünün ordüsu yaranırdı, formalaşırdı.

Orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Abdulla müstəqil Azərbaycanın yenicə yaranan ilk ordusunda həqiqi hərbi xidmətə yollandı. Öz cəldliyi, cəsurluğu ilə seçilən bu gənc Qusar batalyonunda döyüşlərdə iştirak edirdi. 1993-cü ildə ağır döyüş yolu keçən və xeyli sayda itki verən Qusar batalyonunun az sayda əsgəri 703 saylı hərbi hissənin “Babək-44” adlanan 1-ci taborunun tərkibinə qatıldı. “Babək-44” adını batalyona, əsgərlərinin böyük sərkərdə, tarixi şəxsiyyət Babək kimi qorxmaz, döyüşkən, cəsarətli olduqları üçün verilmişdi. Bu əsgərlərdən biri də Abdulla Əmirov idi.




Onun haqqında döyüş yoldaşları çox xoş sözlər və təsirli epizodlar danışırlar. Abdullanın cəsur, qorxmaz olması ilə yanaşı, həm də çox sədaqətli, dostluqda etibarlı, dərin düşüncəli bir döyüşçü olduğunu dönə-dönə qeyd edirlər. Bütün batalyon tərəfindən sevilən, hörmət qazanan bu igid haqqında “gözəl qardaş”, “mərd qardaş” deyə danışır döyüşçülər. Həmişə irəlidə döyüşən, zabitlərdən də qabağa atılan döyüşçü olub Abdulla.

Çiyin-çiyinə vuruşduğu döyüşçülərdən biri Namiq Məmmədovdur. O, Abdulla haqqında o qədər gözəl, səmimi fikirlər söylədi ki, hətta mən, Abdulla haqqında əvvəllər yazmadığıma təəssüfləndim… Belə gözəl insanı, igid döyüşçünü tanımaq, onun haqqında yazmaq şərəf olardı.

Abdullanın sədaqətindən, mərdliyindən, cəsurluğundan danışan Qarabağ qazisi Namiq Məmmədov qısa da olsa onun döyüş yolundan məlumatlar verdi. Ağdərə istiqamətində “Qlobus” yüksəkliyinin alınması zamanı ağır döyüş əməliyyatından kicik bir epizodu xatırladı. Yüksəkliyin alınmasına az qalmış qaranlıq düşməsilə əlaqədar döyüşçülərə geri çəkilmək əmrini verməli olan Namiqi döyüş meydanında tək qoymur Abdulla. Düşmənlə yaxın məsafədə üzbəüz qalan döyüşçülər sonadək vuruşurlar. Əmrə tabe olmayıb döyüş yoldaşını yalqız qoymayan Abdullaya bu cəsarətinə, mərdliyinə görə Namiq minnətdarlıq edib, onu bağrına basır.




Döyüşçü yoldaşları onun müharibədə göstərdiyi şücaətlərdən indi də danışırlar. Onunla 1992-ci ildə hərbi xidmətinin ilk günündən bir yerdə olan, döyüşlərdə çiyin-çiyinə vuruşan, həm əsgər, həm səngər yoldaşı olan Nazim Quliyev də öz ürək sözlərini kövrələrək qeyd etdi. Abdulla barəsində danışmağın onun üçün fəxr olduğunu deyən döyüşçü dostu, onun ölümünə inanmadığını dedi. Abdullanın vətənpərvər, torpağını, xalqını sevən, cəsur bir döyüşçü olduğunu dəfələrlə qeyd edən Nazim Quliyev, onun necə yaralanmasından bəhs etdi.

1993-cü ildə Ağdərə uğrunda gedən ağır döyüşlərdə iştirak edən gənc əsgər 1994-cü ilədək döyüş meydanından çəkilmir. 1994-cü ilin fevralında Gödəkburun istiqamətində gedən ağır döyüşlərin birində döyüş yoldaşı Tofiq Rövşənov şəhid olur. Dostunun nəşini döyüş meydanından çıxardıb geri qayıdan Abdulla snayper gülləsinə tuş gəlir. Başından ağır yaralanan Abdulla 6 ay hospitalda müalicə olunur. 2-ci qrup əlil olan Qarabağ qazisi atəşkəs elan olunandan sonra yaşadığı Mingəçevir şəhərinə qayıdır. Ailə qurur və bu evlilikdən 2 övladı var. Nazim Quliyev onunla bağlı xatirələrinin çox olduğunu, çevrəsində hamının Abdullaya xüsusi rəğbətinin olmasını qeyd etdi.

Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Mingəçevir filialının üzvü olan Abdulla burada da öz aktivliyi, bacarığı ilə seçilib. Filialın sədri Qarabağ qazisi Oqtay Cəfərov Abdulla ilə bir məktəbdə oxuduğunu, məktəb vaxtlarından bu günə kimi həm kollektiv arasında, həm də Mingəçevir şəhərində çox hörmətli, sayılıb-seçilən, əvəzsiz, dostluğa layiq bir insan olduğunu dedi. Filialın işində yaxından iştirak edən qazi son zamanlar aktivliyini itirməli olmuşdu.



Müharibədə aldığı travmaların, yaraların fəsadları illər keçdikcə özünü büruzə verirdi. Xəstəliklər ard-arda Abdullanın aktiv həyatını zəbt eləməyə başladı. Böyrək çatışmazlığından əziyyət çəkən qazi dializ xəstəsi oldu. Daha sonra şəkər xəstəliyinə tutuldu və bu da ayağının dizdən aşağı hissəsinin amputasiyası ilə nəticələndi. Bu xəstəliklərlə mübarizə aparan keçmiş döyüşçü ürəyindən də əməliyyat olunmalı idi. Ürəyinin 2 damar dəyişilməli, 3 klapan qoyulmalı idi.

Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən döyüşçüyə həkimlər və bütün tibb personalı böyük diqqət və qayğı göstərirdi. Yaxın günlərdə əməliyyata hazırlanan qaziinin bir neçə xəstəliyinin olması həkimləri çətin duruma salsa da, onlar bu əməliyyatı etməyə hazır idilər. Lakin…

Lakin ömür vəfa etmədi… Fevralın 7-si Abdulla ömrünü bizlərə bağışladı… Abdullanın orqanizmi bu qədər xəstəliklərə dözmədi və o həyata əlvida dedi…

Döyüş yoldaşları, dostları, Mingəçevir əhalisi, onu tanıyan hər bir kəs Abdulla haqqında keçmiş zamanda danışmaq istəmir… Onlar üçün Abdulla ölməyib, sağdır, yaşayır… Müharibədə həyatını itirən igidlərimizə Şəhid deyilir, müharibənin törətdiyi fəsadlar, travmalar və yaralar nəticəsınidə ömrünü xəstəliklərlə mübarizədə keçirərək dünyasını dəyişənləri də döyüşçülər Şəhid hesab edirlər. Düşmən qarşısından qaçmayan, qorxmayan cəngavər, ömrünü qocalmamış qisaldan xəstəliklər qarşısında aciz qaldı… Həkimlər əllərindən gələni etsələr də, Abdullanın ürəyi buna dözmədi…



Qarabağ Əlillərinə Qayğı İB-nin sədri Firidun Məmmədov, idarə heyəti, filial sədrləri və bütün üzvlər adından Qarabağ qazisi Abdulla Əmirovun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, döyüşçünün ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyirik.


Allah bütün Şəhidlərə rəhmət etsin! Ruhunuz şad olsun!

Allah rəhmət etsin, üzünü görmədiyim QƏHRƏMANIM!





XURAMAN ETİBARLI


94 views0 comments

Recent Posts

See All

Commenti


bottom of page