top of page
Xuraman Həmidova

2 YAŞIN MÜBARƏK, FƏDAİLƏR ORDUSU! - VİDEO


Bu gün, 4 aprel 2021-ci il tarixdə Respublika Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin 2 yaşı tamam olur. Əslində cəmiyyətimiz 12 ildir yaranıb, dövlət qeydiyyatından isə 4 aprel 2019-cu ildə keçib.

Mən, I qrup Qarabağ qazisi Firidun Məmmədov təşkilatın həm təsisçisi, həm də sədri olaraq bu 2 ildə çox gözəl və uğurlu nailiyyətlər əldə etdiyimizi qürurla söyləyə bilərəm. Rəsmi qeydiyyatımızdan sonra ard-arda 40 rayonda filiallarımız yarandı, 7 minə yaxın üzvümüz var. Üzvlərimizin sayı günü-gündən artır və yeni filialların yaranması labüdləşir.

Bu günki günə kimi gördüyümüz işləri sadalayası olsaq yəqin ki, çox vaxt aparacaq. Bizim nə iş gördüyümüzü, hansı məqsədlərlə fəaliyyət göstərdiyimizi hər kəs bilir və bizə dəstək olanlar da az deyil.

Yarandığı gündəın bu günə kimi şəhid ailələrinin, qazilərin, veteranların yanında və arxasında olan birliyimiz onların heç bir müraciətini geri çevirməyib, heç kimi naümid qapıdan qaytarmamışıq. Əlimizdən gələn hər cür köməyi etmişik, edirik və bundan sonra da edəcəyik.

İstər I Qarabağ, istərsə 44-günlük Vətən müharibəsi iştirakçısı olmuş döyüşçülər, onların ailə üzvləri günün hansı saatında müraciət etsələr, onların problemlərinin, sosial qayğılarının, sağlamlıq məsələlərinin həll olunmasında dərhal fəaliyyətə başlayırıq.

Bu xeyirxah işimizdə idarə heyətinin, filial sədrlərinin, aktiv üzvlərimizin və təşkilatımızın hər bir könüllü əməkdaşının əməyi vardır. Bizim birgə fəaliyyətimiz, əməkdaşlığımız uğurlarımızın əsasıdır.

Əksəriyyəti sağlamlığını itirmiş döyüşçülərdən ibarət olan birliyimiz əsl fədakarlıq göstərir və onların bu zəhmətini yüksək dəyərləndirib, alqışlayıram.

Bu gün 2 ilimizi tamamladıq, çətin və həqiqətən döyüşkən bir yol keçdik. Bu əlamətdar gün münasibətilə bütün üzvlərimizi təbrik edirəm, hər birinə can sağlığı, üzün ömür arzu edirəm, işlərində uğurlar diləyirəm. QƏQİB-in daha geniş və hərtərəfli fəaliyyət göstərməsi üçün planlarımızı həyata keçirməyə dəstək və kömək olan, xeyirxah işimizdə əməyi keçən, zəhmət çəkən hər bir kəsə, qurum və təşkilatlara təşəkkür edirəm. İnanıram ki, gələcəkdə də təşkilatımız dövlətimizin, millətimizin, döyüşçülərin etimadını doğruldacaqdır.

2 YAŞIMIZ MÜBARƏK, FƏDAİLƏR ORDUSU!


QARABAĞ ƏLİLLƏRİNƏ QAYĞI İB-NİN SƏDRİ

FİRİDUN MƏMMƏDOV



138 views0 comments

Recent Posts

See All

Comments


bottom of page